504 Arxiv
Xəbərlər

Geri

Lənkəranda güzəştli kreditlərdən istifadə etməklə sitrus bağçılıq təsərrüfatları yaradılır 22.02.2019 / Konfranslar, iclaslar

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir.

Fevralın 22-də bu istiqamətdə növbəti tədbir Lənkəran rayonunda keçirilib.

Sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılmasına dair işgüzar forum çərçivəsində Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi layihələrinin maliyyələşdirilməsi, çəltikçilik, çayçılıq,  bağçılıq, istixana və cins heyvandarlıq təsərrüfatlarının, ketçup, mayonez və xardal sousu istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2019-cu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 9,1 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 7,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 270 yeni iş yerinin açılmasına imkan yaradır.

İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 26 sahibkara 1,3 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, əkinçilik,  bağçılıq, üzümçülük, turizm və s. sahələrin inkişafına yönəldiləcəkdir.

Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 123,5 milyon manat güzəştli kredit verilib.

Lənkəranda keçirilən tədbir çərçivəsində dövlətin güzəştli krediti ayrılan 108 ha ərazidə sitrus bağçılıq təsərrüfatına baxış keçirilib.

Qeyd: İndiyədək ümumi dəyəri 167,4 mln. manat olan 26 intensiv bağçılıq və tingçilik təsərrüfatlarının maliyyələşdirilməsinə 54,1 mln. manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 1800-dək yeni iş yerinin açılması imkanı yaradır.