222 Arxiv
Xəbərlər

Geri

Şəkidə sahibkarlara güzəştli kreditlər verilmişdir 25.02.2011 / Konfranslar, iclaslar

Fevralın 25-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Şəki şəhərində keçirmişdir. Tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 250-dək sahibkar iştirak etmişdir.   

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş "Karat Holdinq" MMC-nin Şəki rayonunda tutumu 10 min ton olan müasir taxıl anbarı kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.

Sonra sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninq keçirilmiş, həmçinin, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin əhəmiyyəti, Sahibkarlığa Kömək Milli Fondunun yeni internet saytı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.

Tədbirdə Şəki rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan sutkalıq istehsal gücü 10 ton olan çörək zavodunun və illik istehsal gücü 2000 ton quş əti olan ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini Firon Əliyev Azərbaycan xalqının sosial rifahına xidmət edən, milli iqtisadi inkişaf modelinin tərkib hissəsi olan məqsədli dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin digər rayonları kimi Şəkinin də sosial-iqtisadi mənzərəsinin dəyişdiyini bildirmişdir. Qeyd edilmişdir ki, rayonda yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Hazırda bu sahədə işlər davam etdirilir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev qeyd etmişdir ki, dövlət başçısının rəhbərliyi ilə uğurla icra edilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Bildirilmişdir ki, görülmüş işlər nəticəsində özəl bölmənin ÜDM-də payı 80%-i ötmüşdür. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası" haqqında əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, kənd təsərrüfatı və yeyinti sənayesində bir sıra mal və avadanlıqların idxalda ƏDV-dən və gömrük rüsumundan azad olunması barədə Nazirlər Kabinetinin qərarı ölkədə investisiya mühitinin daha da yaxşılaşması, qeyri-neft ixracının genişlənməsi baxımından əhəmiyyətlidir.  

İqtisadi İnkişaf Nazirliyinin Şəki-Zaqatala regional bölməsinin müdiri Qalib Məsimov məqsədli dövlət proqramları çərçivəsində Şəki rayonunda həyata keçirilmiş tədbirlər və  görüləcək işlər barədə məlumat vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Şəki-Zaqatala iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində 182 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 17,8 milyon manat güzəştli kredit vermişdir. Şirzad Abdullayev bu il Fondun güzəştli kreditlərinin yönəldiləcəyi əsas sahələr barədə tədbir iştirakçılarına məlumat vermiş, sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Şəki və ətraf rayonlarda fəaliyyət göstərən 18 sahibkarlıq subyektinə 223 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 35 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə rayonun yerli icra hakimiyyəti nümayəndələri və sahibkarlarla regionda sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində region iqtisadiyyatı üçün prioritet hesab olunan sahələr barədə məsləhətləşmələr aparılmışdır.

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.