Geri
Azərbaycan
Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli Sərəncamı ilə
təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı
(2007-2011-ci illər)"nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin
etmək məqsədilə İqtisadi İnkişaf Nazirliyinin 2011-ci il üçün təsdiq
etdiyi Tədbirlər Planına uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondu
fəaliyyətində şəffaflığın daha da artırılması istiqamətində tədbirləri
davam etdirir.
Bu məqsədlə son 3 ildə beynəlxalq audit şirkəti tərəfindən Fondun maliyyə hesabatlarının auditi keçirilmiş, Azərbaycan və ingilis dillərində illik hesabatlar, maliyyələşdirilmiş investisiya layihələri haqqında kütləvi informasiya vasitələrində müvafiq məlumatlar dərc olunur. Bundan başqa, "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbirlər keçirilir, sahibkarlıq subyektlərindən investisiya təkliflərinin qəbulu üçün elanlar verilir, təqdim olunan təklif zərflərinin açılması və güzəştli şərtlərlə maliyyələşdirilməsinə dair qərar qəbul olunmuş layihələrin elan olunması proseslərində ictimaiyyətin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı təmin edilir. Bu tədbirlərin davamı olaraq İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun yeni versiyada internet saytı hazırlanmışdır.
Fevralın 17-də Sahibkarlığa Kömək Milli Fondunun yeni versiyada internet saytının (http://www.anfes.gov.az/) təqdimatı keçirilmişdir.
Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanda sahibkarlığın inkişafına sistemli dövlət dəstəyi tədbirlərindən bəhs etmiş, görülmüş işlər nəticəsində özəl bölmənin ÜDM-də payının 80%-i ötdüyünü diqqətə çatdırmışdır.
Sonra
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev
yeni saytın təqdimatı ilə çıxış etmişdir. Bildirilmişdir ki, saytda
Fondun fəaliyyətini tənzimləyən normativ-hüquqi baza, güzəştli
kreditlərin verilmə mexanizmi, güzəştli kredit əldə etmək üçün müraciət
forması, güzəştli kreditlərin respublikanın iqtisadi rayonlarına,
iqtisadiyyatın sahələrinə və kreditlərin növlərinə görə təsnifatı,
güzəştli kreditlər hesabına maliyyələşdirilmiş müasir texnologiyaların
tətbiqinə əsaslanan investisiya
layihələri və digər məlumatlar əks etdirilmişdir. Saytda həmçinin,
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyəşdirilmiş böyük və iri
investisiya layihələrinin iqtisadi və inzibati rayonlar, həmçinin
iqtisadiyyatın sahələri üzrə bölgüsü, layihələrin icrasının gedişi
barədə mütəmadi yeniləşdirilən məlumatlar yerləşdirilmişdir. Fondla
əməkdaşlıq edən müvəkkil kredit təşkilatları və onların inzibati
rayonlarda yerləşən filialları haqqında məlumatlara ictimaiyyətin
sərbəst çıxışının təmin olunması üçün interaktiv xəritə yaradılmışdır.
Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək yeni saytda məlumatların yenilənməsi və dəyişiklərin edilməsi üçün proqram təminatı təşkil edilmişdir.
Qeyd: 2011-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 154 sahibkara 15,5 milyon manat güzəştli kreditlər vermişdir. Bu kreditlər hesabına müasir texnologiyaların tətbiqi ilə 15 yeni istehsal, emal və infrastruktur sahəsi, o cümlədən 5 çörək istehsalı zavodu, 4 soyuducu anbar, 1 müasir heyvandarlıq kompleksi, 1 qida yağlarının istehsalı, 1 ət məhsullarının emalı (kəsim sexi), 1 istixana, 1 mebel fabriki və 1 kağız istehsalı fabriki yaradılacaqdır. Bundan başqa, bu il 139 sahibkara 1.7 milyon manat kiçik həcmli kreditlər də verilmişdir.
2010-cu ilin ötən dövrü ərzində maliyyələşdirilmiş layihələrin icrası 900-ə yaxın yeni iş yerinin açılmasına imkan verəcəkdir.