Geri
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir. Bu istiqamətdə növbəti tədbir mayın 17-də Sabirabad rayonunda keçirilib.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, rayonda soya, mərci və noxud əkini, iri fermer, intensiv bağçılıq, istixana, cins heyvandarlıq və pambıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz və süd emalı, çörək və ədviyyat istehsalı və qablaşdırılması müəssisələrinin, eyni zamanda Sabirabad Sənaye Məhəlləsində plastik tara və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, Sabirabadda verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, indiyədək Sabirabaddan olan 597 sahibkara 15,3 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin inkişafı, məşğulluqda sənayenin payının artırılması baxımından sənaye məhəllələri böyük əhəmiyyət kəsb edir. Şirzad Abdullayev Sabirabad Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sahibkarları İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə fəal əməkdaşlığa və güzəştli kreditlərdən yararlanmağa dəvət edib.
İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 802,6 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, pambıqçılıq, ədviyyat və qənnadı qatqılarının istehsalı müəssisəsinin, aqroparkın yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 200-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13740 investisiya layihəsinin maliyyələşdirilməsinə 569,6 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Sabirabadda dövlətin güzəştli krediti ayrılan ədviyyat və qənnadı qatqılarının istehsalı müəssisəsində birinci mərhələ üzrə görülmüş işlərə baxış keçirilib. Müəssisədə hazırda 25 nəfər işçi çalışır və ikinci mərhələ üzrə işlər tamamlandıqdan sonra 70-dən çox yeni iş yeri açılacaq.