Geri
Mətbuat konfransında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Fondun fəaliyyəti və 2018-ci ilin birinci rübü ərzində maliyyələşdirilən layihələr barədə məlumat verib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəmizə gətirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi tapşırıqlarının icrasını təmin etmək məqsədilə sahibkarlığın təşviqi, sahibkarların iqtisadi fəallığının daha da artırılması və maliyyə təminatının yaxşılaşdırılması, idxalı əvəz edəcək məhsulların istehsalı və qeyri-neft ixracının artırılması istiqamətində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sistemli və ardıcıl tədbirləri davam etdirir.
Qeyd edək ki, özəl bölmədə investisiya layihələrinin maliyyələşdirmə mexanizmlərindən olan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun əsas məqsədi sahibkarların uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması və rəqabət mühitinin yaradılmasıdır.
Mətbuat Konfransında məlumat verilib ki, ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi göstərən maliyyə institutlarından biri olan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə ümumi dəyəri 4,7 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 34963 sahibkara 2,1 milyard manatdan artıq güzəştli kredit verilib, bu kreditlər hesabına 160 minədək yeni iş yeri yaradılıb. Güzəştli kreditlərin 71%-i aqrar sektorun, 29%-i sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 75%-i ölkə regionlarının, 25%-i isə Bakı qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 93%-ni kiçik və orta həcmli kreditlər təşkil edir.
İndiyədək verilmiş 2,1 milyard manat güzəştli kreditin 1 milyard manatı büdcə (47%), 1,1 milyard manatı isə geri qaytarılan vəsaitlərin (53%) payına düşür. Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu 2017-ci ildən etibarən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsini indiyədək verilmiş kreditlər üzrə geri qaytarılan vəsaitlər hesabına həyata keçirir.
Şirzad Abdullayev məlumat verib ki, 2018-ci ilin birinci rübü ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 357 milyon manat olan investisiya layihələrinin maliyyəşdirilməsi üçün 135 sahibkarlıq subyektinə 50 milyon manat dövlətin güzəştli kreditləri verilib və bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5145 yeni iş yerinin açılması imkanı yaradır. Verilmiş kreditlərin 74%-i ölkə regionlarının, 26%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. 2018-ci ildə verilmiş kreditlərin həcmi minimum 170 milyon manat təşkil edəcəkdir.
Əhalinin həssas qruplarının, o cümlədən məcburi köçkün və qaçqınların, eləcə də qadın və gənc sahibkarların güzəştli kreditlərdən maksimum bəhrələnməklə biznes yaratmaları daim diqqət mərkəzində saxlanılır. Belə ki, 2076 məcburi köçkün sahibkara 47,3 milyon manat, 4101 qadın sahibkara 95,4 milyon manat və 5639 gənc sahibkara 435,3 milyon manat güzəştli kredit verilib.
Son illər ərzində müasir texnologiyaların tətbiqinə əsaslanan ümumi dəyəri 3,5 milyard manat olan 451 investisiya layihəsinə, o cümlədən 82 logistik mərkəz və taxıl anbarı, 62 müasir istixana və 27 cins heyvandarlıq kompleksi, 40 quşçuluq və 23 iri fermer təsərrüfatı, 18 ət və süd emalı müəssisəsi, 42 intensiv bağçılıq və üzümçülük təsərrüfatı, 18 meyvə-tərəvəz emalı və 30 çörək zavodu, 28 tikinti materialları və 81 digər sahələr üzrə istehsal müəssisələrinə 1.4 milyard manatadək güzəştli kredit verilib. Bu müəssisələrdən 412-si (91%) artıq istifadəyə verilib, digər 39 (9%) müəssisədə tikinti-quraşdırma işləri aparılır.
Aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas hədəflərdəndir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, respublikanın 30 rayonu üzrə 191,8 min hektar ərazidə 45 aqroparkın yaradılması prosesi sürətlə davam etdirilir.
Ümumilikdə, aqroparkların yaradılması üçün dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Bununla əlaqədar dövlət vəsaitləri hesabına ümumilikdə 311,8 milyon manat, o cümlədən su, elektrik və qaz xətlərinin çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 204,2 milyon manat dövlət əsaslı vəsait qoyulub, ümumi dəyəri 400 milyon manatdan çox olan 15 aqroparkın yaradılmasına 107,6 milyon manatdan çox dövlətin güzəştli kreditləri ayrılıb və 14 aqropark üzrə dəyəri 556,5 milyon manat olan 24 layihəyə investisiya təşviqi sənədi verilib.
3 aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb, 26 aqroparkda tikinti-quraşdırma və 16 aqroparkda isə layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcəkdir. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabət qabiliyyətinin daha da artmasına səbəb olacaqdır.
Pambıqçılığın inkişafı ilə bağlı layihələrinin ümumi dəyəri 145,6 milyon manat olan 591 sahibkara 82,4 milyon manat və tütünçülüyün inkişafı ilə bağlı layihələrinin ümumi dəyəri 6,1 milyon manat olan 117 sahibkara 3,3 milyon manat güzəştli kredit verilib.
Ailə biznesinin formalaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə “ABAD”çılara dövlətin güzəştli kreditlərinin verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, “ABAD” publik hüquqi şəxs və “Azər-Türk Bank” ASC arasında birgə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb, ilkin olaraq 12 “ABAD”çıya illik 4%-lə 150 min manat güzəştli kredit verilib.
Bununla yanaşı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan Sənaye Bankı” ASC və “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC arasında birgə əməkdaşlığa dair imzalanmış Niyyət Protokoluna uyğun olaraq, şəkər tozu istehsalının yerli xammal hesabına təmin olunması məqsədilə 7 min hektar sahədə şəkər çuğundurunun əkilməsi üçün illik 3%-lə 7 milyon manat güzəştli kredit verilib, 1472 fermerlə müqavilə bağlanıb və 3600 yeni iş yerinin açılması imkanı yaradılıb.
Eyni zamanda, İqtisadiyyat Nazirliyinin Sahibklarlığa Kömək Milli Fondunun vəsaitlərinin yerləşdirilməsi zamanı innovativ layihələrin reallaşdırılmasına xüsusi diqqət yetirilir ki, bunlardan hazırda tikintisi davam edən zeytun istehsalı və emalı, istixana şəraitində faraş meyvə, istixanalar üçün polietilen örtük, elektrod, süni mərmər və qranit istehsalı, balıq əti istehsalı və emalı müəssisələrini, eləcə də Qusardakı regional logistik mərkəzi xüsusi qeyd etmək olar.
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri də sahibkarların maarifləndirilməsi, biznes ideyanın formalaşdırılması və reallaşdırılması, yeni bazara çıxış imkanlarının artırılması və digər sahələrdə dəstək göstərilməsi məqsədilə respublikanın şəhər və rayonlarında, o cümlədən kənd yerlərində işgüzar forumların keçirilməsi və müvəkkil kredit təşkilatları ilə sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsidir. Fond tərəfindən indiyədək 50 minədək sahibkarın iştirak etdiyi 368 işgüzar forum keçirilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ölkədə sahibkarlığın inkişafı maliyyə təminatının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.