263 Arxiv
Xəbərlər

Geri

İmişlidə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri keçirilmişdir 11.02.2011 / Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək, eyni zamanda regionlarda sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafını daha da stimullaşdırmaq məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbirlərini davam etdirir. Növbəti belə tədbir fevralın 11-də İmişli rayonunda keçirilmişdir. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-dək sahibkar iştirak etmişdir.   

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş İmişli rayonundakı "Araz Damazlıq Quşçuluq" MMC-nin illik istehsal gücü 10 milyon ədəd damazlıq yumurta olan quşçuluq (broyler) təsərrüfatında aparılan tikinti işlərinə və "Kraun Ko." MMC-nin tutumu 50 min ton olan müasir taxıl anbarı kompleksində aparılan son tamamlama  işlərinə baxış keçirilmişdir.

Sonra sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninq keçirilmiş, həmçinin, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin əhəmiyyəti, Sahibkarlığa Kömək Milli Fondunun internet saytı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.

Tədbirdə İmişli rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan 20 hektarlıq intensiv bağçılıq təsərrüfatının (nar bağının), 500 başlıq südlük istiqamətli heyvandarlıq kompleksinin və 500 başlıq ətlik istiqamətli heyvandarlıq kompleksinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluq səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirmişdir. Qeyd olunmuşdur ki, sürətlə inkişaf edən ölkəmizin bütün regionlarında olduğu kimi, İmişlidə də yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Hazırda bu sahədə işlər davam etdirilir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov ölkədə aparılan çevik iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafının sürətləndiyini, davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdığını qeyd etmiş, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulamışdır. Bildirilmişdir ki, Nazirlər Kabinetinin 25 yanvar 2011-ci il tarixli qərarı ilə kənd təsərrüfatı və yeyinti sənayesində bir sıra mal və avadanlıqların idxalda ƏDV-dən və gömrük rüsumundan azad olunması qeyri-neft ixracının genişlənməsi baxımından əhəmiyyətlidir.  

İqtisadi İnkişaf Nazirliyinin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində İmişli rayonunda görülmüş və görüləcək işlər barədə məlumat vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Aran iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində 144 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 10,9 milyon manat güzəştli kredit vermişdir. Şirzad Abdullayev 2011-ci ildə Fondun güzəştli kredit vəsaitlərinin yönəldiləcəyi əsas sahələr barədə tədbir iştirakçılarını məlumatlandırmış, sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə İmişli və ətraf rayonlarda fəaliyyət göstərən 37 sahibkarlıq subyektinə 454 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 90-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə rayonun yerli icra hakimiyyəti nümayəndələri və sahibkarlarla regionda sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində region iqtisadiyyatı üçün prioritet hesab olunan sahələr barədə məsləhətləşmələr aparılmışdır.

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.