244 Arxiv
Xəbərlər

Geri

Şəkər çuğunduru istehsalçılarına illik 3 faizlə güzəştli kreditlər verilib 15.03.2018 / Konfranslar, iclaslar

Güzəştli kreditlər hesabına 7 min hektar sahədə şəkər çuğunduru əkiləcək

 

Martın 15-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC və “Azərbaycan Sənaye Bankı” ASC arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
Niyyət Protokoluna əsasən, “Azərbaycan Sənaye Bankı” ASC İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli kreditləri səkər çuğundurunun əkilməsi məqsədilə illik faiz dərəcəsi 3%-dən artıq olmamaqla verilməsinə vasitəçilik edəcək, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC güzəştli kreditlərin əkinçilik mövsümü ərzində şəkər çuğunduru istehsalçısı olan fermerlərə verilməsini və əldə olunmuş xammalın tədarükünü təmin edəcəkdir.
Bununla bağlı İmişlidə keçirilən tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, imzalanmış Niyyət Protokolu üzrə birgə əməkdaşlığın üstünlükləri barədə məlumat verib. Qeyd edilib ki, şəkər çuğundurunun istehsalına ayrılan dövlətin güzəştli kreditləri İmişlidə yerləşən emal müəssisəsinin yerli xammalla təminatını artıracaq, bu sahədə idxaldan asılılığın azalmasına imkan verəcək.
 “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin direktoru Mehran Məmmədov Birliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, şəkər çuğunduru istehsalının artırılmasının məşğulluqda əhəmiyyətini vurğulayıb.
“Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədri Doğan Tandoğan imzalanmış Niyyət Protokoluna uyğun olaraq şəkər çuğunduru istehsalçılarının investisiya layihələrinin maliyyələşdirilməsinə müvəkkil bank olaraq illik faiz dərəcəsi 3%-dən artıq olmamaqla güzəştli kreditlər veriləcəyini qeyd edib, istehsalçılarla işgüzar əlaqələrin daha da genişləndiriləcəyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına “Azərbaycan Sənaye Bankı” ASC vasitəsilə şəkər çuğunduru istehsalına illik 3 faiz olmaqla 7 milyon manat güzəştli kredit verilib. Bu, 1472 fermer tərəfindən 7 min hektar sahədə şəkər çuğundurunun əkilməsinə imkan verir.
Daha aşağı faizlə güzəştli kreditlərin verilməsi kiçik və orta sahibkarlığın inkişafına əlavə stimul verməklə yanaşı, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC ilə şəkər çuğunduru istehsalçıları arasında biznes əlaqələrinin inkişafında və təsərrüfatların genişləndirilməsində əhəmiyyətli olacaqdır.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu şəkər çuğunduru istehsalı layhələrinin aşağı faizlə maliyyələşdirilməsini davam etdirəcək.