281 Arxiv
Xəbərlər

Geri

Balakən rayonunda tütünçülüyün və bağçılığın inkişafı təşviq olunur 30.11.2017 / Konfranslar, iclaslar

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum noyabrın 30-da Balakən rayonunda keçirilib.
İşgüzar forum çərçivəsində Balakən rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, çörək istehsalı və meyvəqurutma, tütün, fındıq və süd emalı müəssisələrinin, tütünçülük və bağçılıq təsərrüfatlarının, tütünqurutma kameralarının, barama qəbulu və emalı məntəqələrinin, otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İşgüzar forumda çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov bildirib ki, 2017-ci ilin ötən dövrü ərzində 1700-dək sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə 114 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5100-dək yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2270-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 102,4 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 874 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, quşçuluq, bağçılıq, tütünçülük, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 150-dək yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Balakən rayonunda güzəştli kredit ayrılmış tütünçülük təsərrüfatına baxış keçirilib.
Qeyd edək ki, bu ilin ötən dövrü ərzində tütünçülüyün inkişafı ilə bağlı 100-dək sahibkara 1,6 milyon manat güzəştli kredit verilib.

 

IMG 8526 IMG 8532