251 Arxiv
Xəbərlər

Geri

Dövlətin güzəştli kreditləri hesabına startap layihələrinin maliyyələşdirilməsi təşviq olunur 05.10.2017 / Konfranslar, iclaslar

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.
Bu istiqamətdə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum oktyabrın 5-də Abşeron rayonunun Xırdalan şəhərində keçirilib.
Forum çərçivəsində Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, müasir istixana kompleksinin, zeytunçuluq və badamçılıq təsərrüfatlarının, tara istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Forum çərçivəsində həmçinin, sahibkarlara startap layihələrinin mahiyyəti və dövlətin güzəştli kreditləri hesabına dəstəklənməsinə dair təqdimat keçirilib və belə layihələrin güzəştli qaydada maliyyələşdiriləcəyi bildirilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev tədbir iştirakçılarına güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhəri və onun qəsəbələrində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində 1270 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 96,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 3900-dək yeni iş yerinin açılmasına imkan yaradır.
İşgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 5,6 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, quşçuluq, müasir istixana kompleksinin yaradılması, tara, tikinti materialları, yapışqan lent istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 160-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Tədbir çərçivəsində Abşeron rayonunda tikinti materiallarının istehsalı müəssisəsinə və müasir istixana kompleksinə baxış keçirilib.
Ümumilikdə, Abşeron rayonu və Bakı qəsəbələrində 37 müasir istixana kompleksinin yaradılmasına 116,3 milyon manat güzəştli kredit verilib. Artıq 32 istixana istifadəyə verilib.

 

IMG 8218 IMG 8217
IMG 8219 IMG 8224