270 Arxiv
Xəbərlər

Geri

Lənkəranda çayçılıq və sitrus bağçılıq təsərrüfatlarının yaradılması təşviq olunur 29.09.2017 / Konfranslar, iclaslar

Sentyabrın 29-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Lənkəran rayonunun Darquba kəndində keçirib.
İşgüzar forum çərçivəsində Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, çəltikçilik, sitrus bağçılıq və çayçılıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, 2017-ci ilin ötən dövrü ərzində 1154 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 90,4 milyon manat güzəştli kredit verilib.
İşgüzar forumda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 460 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, əkinçilik, quşçuluq, tekstil məmulatlarının istehsalı, turizm sahələrinin inkişafına yönəldiləcək və 50-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.
Forum çərçivəsində Lənkəranda güzəştli kredit ayrılmış çayçılıq və sitrus bağçılıq təsərrüfatlarına baxış keçirilib.
Ümumilikdə indiyədək, çayçılığın inkişafı ilə bağlı 14 sahibkara 10,7 milyon manat, sitrus bağlarının yaradılması üçün isə 40-dək sahibkara 1,7 milyon manat güzəştli kredit verilib.