277 Arxiv
Xəbərlər

Geri

Sabirabad rayonunda quşçuluq və pambıqçılıq təsərrüfatları maliyyələşdirilib 16.06.2017 / Konfranslar, iclaslar

İyunun 16-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabirabad rayonunun Ulacalı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
Forum çərçivəsində Sabirabad rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, intensiv bağçılıq, istixana, cins heyvandarlıq təsərrüfatlarının, meyvə-tərəvəz və süd emalı müəssisələrinin yaradılması, soya, mərci və noxud əkini üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 524,4 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, bugünkü forumda Sabirabad rayonunda ildə 109 milyon ədəd əmtəəlik yumurta və 1,4 min ton quş əti istehsal etmək gücündə olacaq müəssisənin tikintisinə güzəştli kredit ayrılıb. Müəssisə istifadəyə verildikdən sonra burada 130-a yaxın yeni iş yeri yaradılacaq.
Ümumilikdə isə, son illər 40 quşçuluq təsərrüfatına 133,3 milyon manat güzəştli kredit verilib. Həyata keçirilən sistemli tədbirlər nəticəsində, sənaye quşçuluğunun illik istehsal gücü 130 min tonu ötüb, quş əti istehsalı artaraq 2016-cı ildə 95,5 min ton, o cümlədən sənaye üsulu ilə istehsal 2,5 dəfə artaraq 53,4 min tona, yumurta istehsalı 1,6 milyard ədədə (36,6% artım), o cümlədən sənaye üsulu ilə istehsal 48,8% artaraq 668,4 milyon ədədə çatıb. Bu məhsullarla özünütəminetmə səviyyəsi yüksəlib, ixrac imkanları artıb.
İşgüzar forum çərçivəsində Sabirabad və ətraf rayonlardan olan sahibkarlara 3,1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, pambıqçılıq, quşçuluq, heyvandarlıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 300-dən çox yeni iş yerinin açılması imkanı yaradacaq.
Forum çərçivəsində Sabirabadda güzəştli kredit ayrılan pambıqçılıq təsərrüfatına baxış keçirilib.
Qeyd edək ki, 2017-ci ilin ötən dövrü ərzində pambıqçılığın inkişafı məqsədilə 144 sahibkara 7,2 milyon manat güzəştli kredit verilib.

 

skmf-16-06-2017-1 skmf-16-06-2017-2
skmf-16-06-2017-3 skmf-16-06-2017-4