277 Arxiv
Xəbərlər

Geri

Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verilib 25.05.2017 / Konfranslar, iclaslar

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.
Mayın 25-də bu istiqamətdə növbəti tədbir – Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.
İşgüzar forumda Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana və zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, corab, qablaşdırma materialı və polietilen paketlər istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2017-ci ilin ötən dövrü ərzində ölkə üzrə 360 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 36,2 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 1000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1345 investisiya layihəsinin maliyyələşdirilməsinə 377,6 milyon manat güzəştli kredit verilib.
İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 9,8 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, tikinti materiallarının istehsalı
istixana kompleksinin yaradılması, mətbəx və məişət mallarının istehsalı, quşçuluq və heyvandarlıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Balaxanı Sənaye Parkında sürtgü yağlarının təkrar istehsalı müəssisəsinə baxış keçirilib. Bu müəssisədə mühərrik yağının texnoloji və kimyəvi proseslərdən keçirməklə təkrar emalından 80%-dək həcmdə yenidən istifadəyə yararlı mühərrik yağları istehsal etmək mümkündür. Bu yağlar iritutumlu nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının mühərriklərində istifadə üçün bütün standartlara cavab verəcəkdir. Müəssisədə illik 1800 ton sürtgü yağlarının təkrar emalı həyata keçiriləcək. Avtomobil və digər texnikalarda istifadə olunmuş mühərrik və ya sürtgü yağlarının təkrar emalı ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına imkan yaradacaq.

 

skmf-25-05-2017-1 skmf-25-05-2017-2
skmf-25-05-2017-3 skmf-25-05-2017-4