230 Arxiv
Xəbərlər

Geri

Bərdədə sahibkarlara güzəştli kreditlər verilmişdir 28.01.2011 / Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək, regionlarda sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafını genişləndirmək məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini yanvarın 28-də Bərdə rayonunda keçirmişdir.

Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-dək sahibkarın iştirak etdiyi tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Bərdə rayonunda "Bərdə Broyler" ASC-nin illik istehsal gücü 1600 ton quş əti olan quşçuluq (broyler) təsərrüfatında və "Rəşad" İstehsalat Kommersiya Firmasının illik istehsal gücü 6,8 min ton olan çörək məhsulları istehsalı müəssisəsində, Tərtər rayonunda "Abşeron" Kənd Təsərrüfatı Məhsullarının İstehsalı Müəssisəsində illik istehsal gücü 7 milyon ədəd damazlıq yumurta olan quşçuluq (broyler) təsərrüfatında və sahibkar İlqar Vəliyevin inşa etdirdiyi tutumu 3 min ton olan müasir soyuducu anbar kompleksində, Ağcabədi rayonunda "Atropatena" QSC-nin 1000 başlıq südlük cins iribuynuzlu müasir heyvandarlıq kompleksində aparılan tikinti işlərinə, Ağdam rayonunda "Qara İnək Fermer Təsərrüfatı" MMC-nin 450 başlıq südlük cins iribuynuzlu müasir heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.

Tədbirdə sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninq keçirilmiş, həmçinin müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin əhəmiyyəti, Sahibkarlığa Kömək Milli Fondunun internet saytı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.

Sonra Bərdə rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan meyvə, tərəvəz və digər ərzaq məhsullarının saxlanılması üçün müasir soyuducu anbar kompleksinin (ümumi tutumu 5 min ton) və yeni texnologiyaların tətbiqi ilə müasir ət kəsimi və emalı müəssisələrinin (ümumi tutumu 5 min ton) yaradılması üzrə investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev ölkə başçısı tərəfindən təsdiq edilmiş dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlarda iqtisadiyyatın bütün sahələrində əsaslı irəliləyişə nail olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi, Bərdədə də yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, regionların potensialından səmərəli istifadə edilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektoru ölkə iqtisadiyyatının prioritet sahəsinə çevrilmiş, yerli məhsulların rəqabət qabiliyyəti artmışdır. Qeyd edilmişdir ki, Nazirlər Kabinetinin 25 yanvar 2011-ci il tarixli qərarı ilə bir sıra mal və avadanlıqların idxalda ƏDV-dən və gömrük rüsumundan azad olunması bu istiqamətdə atılmış növbəti addımdır. Bu qərar kənd təsərrüfatında və yeyinti sənayesində müasir avadanlıq və texnologiyaların tətbiqində, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə daha etibarlı təminatında, qeyri-neft ixracının genişlənməsində xüsusi əhəmiyyət kəsb edir.

İqtisadi İnkişaf Nazirliyinin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində Aran iqtisadi rayonunda görülmüş və 2011-ci ildə görüləcək işlər barədə məlumat vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2010-cu ildə sahibkarlara əsas hissəsi güzəştli kreditlər hesabına olmaqla regionlarda müxtəlif istehsalat təyinatlı 56 yeni müəssisə istifadəyə verilib. Ötən il Fond tərəfindən demək olar ki, 100%-i regionlarda olmaqla sahibkarların 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat həcmində güzəştli kreditlər ayrılmışdır. Bu il isə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 125 milyon manat güzəştli kreditin ayrılması nəzərdə tutulur.

Daha sonra müvəkkil kredit təşkilatları vasitəsilə Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən 42 sahibkarlıq subyektinə 1 milyon 791 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 130-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirin sonunda yerli icra hakimiyyəti nümayəndələri və sahibkarlarla regionda sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin yönəldiləcəyi prioritet sahələr barədə məsləhətləşmələr aparılmışdır.

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərini davam etdirir.