240 Arxiv
Xəbərlər

Geri

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda 2011-ci ilin ilk tədbiri Lənkəranda keçirilmişdir 21.01.2011 / Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək, eyni zamanda regionlarda sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafını daha da genişləndirmək məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirlərini davam etdirir. 
Qeyd edək ki, 2010-cu ildə 37 anoloji tədbir keçirilmiş, bu tədbirlərdə iştirak etmiş 9400-dən çox sahibkar üçün maarifləndirici treninqlər təşkil edilmiş, sahibkarlıq subyektlərinin 1430 investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə 115 milyon manat güzəştli kredit verilmişdir. Güzəştli kreditlər regionlarda həyata keçirilən layihələrin icrasına yönəldilmişdir.
Yanvarın 21-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda 2011-ci ildə ilk tədbirini Lənkəran şəhərində keçirmişdir. Tədbirdə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 300-dək sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Salyan rayonunda "Hacı Camalxan" MMC-nin inşa etdirdiyi 2400 başlıq südlük cins iribuynuzlu müasir heyvandarlıq kompleksində aparılan tikinti işlərinə, "Ələddin Fermer" MMC-nin 168 hektar sahədə salınmış yeni meyvə bağlarına, illik istehsal gücü 300 ton quş əti olan "Okean-S Kəndli Fermer Təsərrüfatı" MMC-nin fəaliyyətinə, Cəlilabad rayonunda "Cəlilabad-Broyler" ASC-nin illik istehsal gücü 6 min ton quş əti olan quşçuluq (broyler) təsərrüfatında və "A.D.İ." MMC-nin 2 min tonluq soyuducu anbar kompleksində, Lənkəran rayonunda "Lənkəran-Konserv" ASC-nin illik istehsal gücü 2,7 min ton konserv məhsulları olan konserv zavodunda aparılan tikinti işlərinə və sahibkar Nurəddin Xasiyevin ildə 62 min ədəd tingin yetişdirilməsinə imkan verən sitrus meyvələrinin tingliyi sahəsinə baxış keçirilmişdir.
Sonra sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninq keçirilmiş, həmçinin müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin əhəmiyyəti, Fondun internet saytı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.
Tədbirdə Lənkəran rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan investisiya layihələrinin - illik istehsal gücü 2 min ton olan və müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq və intensiv (sitrus və subtropik meyvəçilik) bağçılıq təsərrüfatlarının yaradılması üzrə layihələrin təqdimatı keçirilmişdir.
Tədbirdə Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluğun səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirmişdir. Qeyd olunmuşdur ki, sürətlə inkişaf edən ölkəmizin bütün regionlarında olduğu kimi, Lənkəranda da yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Hazırda bu sahədə işlər davam etdirilir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev ölkədə aparılan çevik iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafının sürətləndirildiyini, davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına nail olunduğunu bildirmiş, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulamışdır.
İqtisadi İnkişaf Nazirliyinin Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov çıxışında məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində Lənkəran iqtisadi rayonunda görülmüş və 2011-ci ildə görüləcək işlər barədə məlumat vermişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun 2010-cu ildə Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Lənkəran iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Şirzad Abdullayev son 2 ildə Fondun güzəştli kreditləri hesabına müasir texnologiyaların tətbiqinə əsaslanan 112 investisiya layihəsinin maliyyələşdirildiyini, artıq onların 56-nın başa çatdırıldığını qeyd etmiş, 2011-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərinin yönəldiləcəyi sahələr barədə tədbir iştirakçılarını məlumatlandırmış, sahibkarları maraqlandıran sualları cavablandırmışdır.
Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Lənkəran və ətraf rayonlarda fəaliyyət göstərən 25 sahibkarlıq subyektinə 263 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu vəsaitlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbirin sonunda rayonun yerli icra hakimiyyəti nümayəndələri və sahibkarlarla regionda özəl bölmənin inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində region iqtisadiyyatı üçün prioritet hesab olunan sahələr barədə məsləhətləşmələr aparılmışdır.
Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərini davam etdirir.