Geri
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu martın 10-da Qax rayonunda təşkil edib.
Forum çərçivəsində Qax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, bağçılıq, cins heyvandarlıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının, quru tütün saxlanılması üçün anbarın, tütün emalı və 3 ulduz otelin tikintisi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İşgüzar forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində bugünkü tədbir çərçivəsində verilən kreditlər də daxil olmaqla respublika üzrə sahibkarlıq subyektlərinin 70-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 13,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 200 yeni iş yerinin yaradılmasına imkan verir.
Ümumilikdə isə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2100-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 98,3 milyon manat güzəştli kredit yönəldilib.
Forumda Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 224 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, arıçılıq, taxılçılıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək.
Tədbir çərçivəsində Qax rayonunun Oncallı kəndində güzəştli kreditlər hesabına yaradılan arıçılıq təsərrüfatına baxış keçirilib. Qeyd edək ki, son illər arıçılığın inkişafı ilə əlaqədar 400-ə yaxın sahibkara 4,7 milyon manat güzəştli kredit verilib.