267 Arxiv
Xəbərlər

Geri

Gədəbəy rayonunda güzəştli kreditlər hesabına layihələr həyata keçirilir 10.01.2011 / Konfranslar, iclaslar

Məlumat verildiyi kimi, sahibkarlığın inkişafına dövlət dəstəyi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2009-cu və 2010-cu illər ərzində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda regionlarda 100-ə yaxın tədbir keçirilmişdir. Bu tədbirlər çərçivəsində həmçinin, regionların iqtisadi potensialından daha səmərəli istifadə etmək məqsədilə aidiyyəti sahələrin mütəxəssisləri və sahibkarlarla müzakirələr aparılmış, güzəştli kreditlər hesabına maliyyələşdiriləcək prioritet sahələr müəyyənləşdirilmişdir.
2010-cu ildə respublikanın cəbhəboyu rayonlarından olan Gədəbəy rayonunda keçirilmiş analoji tədbir çərçivəsində region üzrə kartof saxlanılması üçün soyuducu anbar kompleksinin tikilməsi, təbii suların müasir standartlara uyğun qablaşdırılması, süd və kartof emalı, çörək istehsalı müəssisələrinin yaradılması, meyvə emalı üzrə kiçik və ya orta həcmli müəssisələrin yaradılması və arıçılığın inkişaf etdirilməsi (o cümlədən, balın sənaye üsulu ilə emalı və qablaşdırılması) kimi investisiya layihələrinin maliyyələşdirilməsi məqsədəuyğun hesab edilmiş, bu barədə mətbuatda elan verilmişdir.
Ötən dövr ərzində Gədəbəy rayonunda kartof saxlanması üçün ümumi tutumu 10 min ton olan soyuducu anbar kompleksinin yaradılması, gündəlik 10 ton süd və 10 ton kartof emalı sahəsinin yaradılması məqsədilə dəyəri 4.1 mln. manat, illik istehsal gücü 12.8 mln. litr olan müasir tələblərə cavab verən mineral su və limonad istehsalını nəzərdə tutan dəyəri 2.8 mln. manat olan 2 investisiya layihəsinə Fond tərəfindən 4.7 mln. manat güzəştli kredit verilmişdir.
Bu layihələrin reallaşdırılması Gədəbəy rayonunda 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.
Həyata keçiriləcək layihələr Gədəbəy rayonunun sosial- iqtisadi inkişafına təkan verməklə yanaşı, ölkədə kartofçuluğun inkişafında, əhalinin keyfiyyətli yerli ərzaq məhsulları ilə təmin edilməsində əhəmiyyətli olacaqdır.