242 Arxiv
Xəbərlər

Geri

Güzəştli kreditlərdən səmərəli istifadə olunur 07.01.2011 / Konfranslar, iclaslar

Abşeronda damazlıq yumurta istehsal edən müasir quşçuluq müəssisəsi yaradılmışdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi məqsədli dövlət proqramlarından irəli gələn tapşırıqlara uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu respublikada, xüsusilə regionlarda iqtisadiyyatın inkişafını stimullaşdıran investisiya layihələrinin, müasir texnologiyaların tətbiqinə əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılmasının güzəştli qaydada maliyyələşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir. 
Müasir texnologiyalara cavab verən ətlik istiqamətli quşçuluq (o cümlədən damazlıq broyler) təsərrüfatlarının yaradılması və ya yenidən qurulması üzrə layihələrin reallaşdırılması əhalinin quş ətinə tələbatının ödənilməsində mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu istiqamətdə güzəştli qaydada maliyyələşdirilən 12 iri həcmli investisiya layihəsinin həyata keçirilməsi nəticəsində hər il əlavə olaraqölkədə 60 milyon ədəd damazlıq yumurta və 16 min ton quş əti istehsalı nəzərdə tutulur.
Abşeron rayonunun Zirə qəsəbəsində "Xəmsə" MMC tərəfindən əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondundan alınmış 1,8 mln. manat güzəştli kredit hesabına olmaqla inşa edilmiş, ən qabaqcıl texnologiyaya əsaslanan, Hollandiya, Türkiyə və İtaliya istehsalı olan müasir avadanlıqlarla təchiz edilmiş, damazlıq yumurta istehsalı ilə məşğul olan quşçuluq müəssisəsi fəaliyyətə başlamışdır.
Artıq müəssisəyə İngiltərədən 90 min baş damazlıq cücə gətirilmişdir. Bu ilin ikinci yarısından etibarən müəssisədə il ərzində 25-30 milyon ədəd damazlıq yumurta istehsalı mümkün olacaqdır. İstehsal ediləcək məhsul respublikanın quşçuluq təsərrüfatlarının tələbatının ödənilməsinə yönəldiləcək, eyni zamanda xarici bazarlara çıxarılacaqdır.
Bu müəssisənin fəaliyyəti respublikanın quşçuluq təsərrüfatlarının damazlıq yumurta ilə təminatının yaxşılaşdırılmasına, ixrac imkanlarının genişləndirilməsinə, həmçinin 108 yeni iş yerinin açılmasına şərait yaradacaqdır.


Zeytun bağları salınır
Zirə qəsəbəsində güzəştli kreditlərdən istifadə etməklə sahibkar Firuz Rzayev tərəfindən 200 hektar sahədə yeni zeytun bağı salınır.
Əhalinin ildən-ilə bu məhsula olan tələbatının artmasını, eləcə də respublikada fəaliyyət göstərən zeytun emalı müəssisələrinin xammalla təminatını nəzərə alaraq, 200 hektar sahədə zeytun bağının salınması üçün sahibkar Firuz Rzayevə 400 min manat güzəştli kredit ayrılmışdır. Layihədə Zirə qəsəbəsində istifadəsiz və sənaye tullantıları ilə çirklənmiş 200 hektar torpaq sahəsinin təmizlənməsi, aqrotexniki xidmət göstərilməklə əkinə hazırlanması və yüksək məhsuldar zeytun tinglərinin əkilməsi nəzərdə tutulur.
Bu məqsədlə Türkiyədən 100 min ədəd xüsusi növ zeytun tingləri gətiriləcək. Artıq tinglərin bir hissəsi gətirilmiş və əkin işlərinə başlanmışdır.
Yeni zeytun bağı 3-cü ildən başlayaraq məhsul verəcək. Tam məhsula düşdükdən sonra ildə 2 min tonadək məhsul götürülməsi gözlənilir. Bu layihənin reallaşması 20 yeni iş yerinin açılmasına imkan verəcəkdir.


Yeni istehsal sahəsi yaradılmışdır
2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Zirədə yerləşən "Proqress" MMC-yə ayrılmış 990 min manat güzəştli kredit hesabına müəssisədə göbələk istehsalı və emalı genişləndirilmiş, illik istehsal gücü 1200 tona çatdırılmışdır. Yeni yaradılmış istehsal sahəsində işə göbələyin bir hissəsi konservləşdiriləcəkdir. İstehsalın genişləndirilməsi nəticəsində 40 yeni iş yeri açılacaq. Müəssisədə istehsalın genişləndirilməsi həm yerli bazarın bütün il boyu bu məhsula olan tələbatının ödənilməsinə, həm də xaricə ixracına imkan yaradacaqdır.