260 Arxiv
Xəbərlər

Geri

Xızıda sahibkarlara güzəştli kreditlər verilib 21.07.2016 / Konfranslar, iclaslar

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Bu məqsədlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum iyulun 21-də Xızı rayonunda keçirilmişdir. Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilmiş, Xızıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarların investisiya layihələri maliyyələşdirilmişdir.
100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Xızı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”, iri fermer, intensiv bağçılıq və istixana təsərrüfatlarının, şirniyyat istehsalı müəssisəsinin və 3 ulduz otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2016-cı ilin ötən dövrü ərzində 1383 sahibkara 76,8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1115 investisiya layihəsinin maliyyələşdirilməsinə 315,4 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq kompleksi, quşçuluq fabrikləri, çörək zavodları, tikinti materialları, tara istehsalı, ət və süd emalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmişdir.
İşgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 32 sahibkara 660 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər əsasən, heyvandarlıq, əkinçilik, quşçuluq, polietilen paket, tikinti materialları istehsalı sahələrinin inkişafına yönəldiləcəkdir. Bu layihələrin reallaşdırılması hesabına 50 yeni iş yerinin açılması imkanı yaradılacaq.
Forum çərçivəsində Xızıda güzəştli kredit ayrılmış ildə 4 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan istixana və 1000 başlıq cins heyvandarlıq komplekslərində aparılan tikinti işlərinə baxış keçirilmişdir. Ümumilikdə indiyədək, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 48 müasir istixana kompleksinin yaradılmasına 141,5 milyon manat, illik istehsal gücü 189,6 min ton süd və 2,6 min ton ət olan 23 cins heyvandarlıq kompleksinin yaradılmasına 104,7 milyon manat güzəştli kredit verilmişdir.