284 Arxiv
Xəbərlər

Geri

Qazax rayonunda müasir sönmüş əhəng istehsalı zavodu tikilir 30.06.2016 / Konfranslar, iclaslar

İyunun 30-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qazax rayonunun Qazaxbəyli kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. İşgüzar forumun keçirilməsində məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Qazaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
90-a yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Qazax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market", kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən balın sənaye üsulu ilə emalı müəssisəsinin), ət kəsimi və pendir istehsalı müəssisələrinin və 3 ulduz otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2016-cı ilin ötən dövrü ərzində 1252 sahibkara 71,6 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5914 investisiya layihəsinin maliyyələşdirilməsinə 220,7 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, süfrə sularının, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmişdir.
İşgüzar forum çərçivəsində Qazax və ətraf rayonlardan olan 65 sahibkara 8 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, çörək və un məmulatları, tikinti materialları, sönmüş əhəng, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 400-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Qazax rayonunun Daş Salahlı kəndində güzəştli kredit ayrılmış və ildə 91 min ton sönmüş əhəng istehsalı etmək gücündə olan zavodun tikinti işlərinə baxış keçirilmişdir. Zavod fəaliyyətə başlayanda burada 350 nəfər işçi çalışacaq.

 

skmf-30-06-2016-1 skmf-30-06-2016-2
skmf-30-06-2016-3