267 Arxiv
Xəbərlər

Geri

Saatlıda sahibkarlara güzəştli kreditlər verilib 03.06.2016 / Konfranslar, iclaslar

İyunun 3-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Saatlı rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. İşgüzar forumunda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilmiş, Saatlıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarların investisiya layihələri maliyyələşdirilmişdir.
100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Saatlı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2016-cı ilin ötən dövrü ərzində 1040-a yaxın sahibkara 56,8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12300-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 482 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmişdir.
İşgüzar forum çərçivəsində Saatlı və ətraf rayonlardan olan 86 sahibkara 620 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, pambıqçılıq, heyvandarlıq, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 90 yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Saatlıda güzəştli kredit ayrılmış pambıqçılıq üzrə iri fermer təsərrüfatında aparılan işlərə baxış keçirilmişdir. Ümumilikdə indiyədək pambıqçılığın inkişafı ilə bağlı 270-ə yaxın sahibkara 59,4 milyon manat, o cümlədən 5 iri fermer təsərrüfatına 23 milyon manat, 250-dək kiçik və orta həcmli pambıqçılıq təsərrüfatına 2,6 milyon manat, pambığın ilkin emalı ilə bağlı 7 sahibkara 3,8 milyon manat və müasir texnologiyalara əsaslanan 7 tekstil fabrikinə 30 milyon manat güzəştli kredit verilmişdir.

 

skmf-03-06-2016-1 skmf-03-06-2016-2
skmf-03-06-2016-3