263 Arxiv
Xəbərlər

Geri

Abşeron rayonunda sahibkarlara güzəştli kreditlər verilmişdir 22.04.2016 / Konfranslar, iclaslar

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Aprelin 22-də bu istiqamətdə növbəti tədbir –Xırdalan şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilmişdir. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilmiş, Abşeronda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarların investisiya layihələri maliyyələşdirilmişdir.
200-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir istixana kompleksinin, üzlük daşların, dam örtükləri, plastik qablar və polietilen paketlər istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1100-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə (bugünkü işgüzar forumda verilən kreditlər də daxil olmaqla) 312,5 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlər, taxıl anbarı, quşçuluq fabrikləri, istixana təsərrüfatları, çörək zavodları, tikinti materialları, tara, yüngül və yeyinti sənayesi məhsullarının istehsalı, ət, mis emalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmişdir.
İşgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 20 sahibkara 6,4 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, müasir istixana kompeksinin yaradılması, quşçuluq, dondurma, hava kompressorları istehsalı sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması nəticəsində 150-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Tədbir çərçivəsində güzəştli kreditlərdən istifadə edilməklə Abşeron rayonunun Xırdalan şəhərində ət emalı və Məhəmmədi kəndində yaradılmış müasir istixana kompleksinə baxış keçirilmişdir. Ümumilikdə indiyədək 8 ət emalı müəssisəsinə 19,1 mln. manat, Abşeron və Bakı şəhərinin ətraf qəsəbələrində ildə 36,2 min ton tərəvəz məhsulları, 8 milyon ədəd dekorativ bitkilər, 10,6 milyon ədəd tərəvəz ştilləri istehsal etmək gücündə olan 25 müasir istixana kompleksinin yaradılmasına 77,8 milyon manat güzəştli kredit verilmişdir.

 

skmf-22-04-2016-1 skmf-22-04-2016-2