325 Arxiv
Xəbərlər

Geri

Kəlbəcərdən olan məcburi köçkünlərə güzəştli kreditlər verilmişdir 17.03.2016 / Konfranslar, iclaslar

Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir. Bu sahədə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qaçqın və məcburi köçkünlərin sosial şəraiti yaxşılaşmış, onlar üçün yeni qəsəbələr salınmış, müasir tipli yeni yaşayış binaları və digər sosial obyektlər inşa olunmuş, çadır düşərgələri tamamilə ləğv edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də davamlı olaraq tədbirlər həyata keçirilir.
Martın 17-də Sahibkarlığa Kömək Milli Fondu Kəlbəcərdən olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Yevlax rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir.
100-ə yaxın məcburi köçkün sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hazırlanmış güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələrə - cins heyvandarlıq, pendir istehsalı, arıçılıq və balın emalı, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi, istehsal və emal müəssisələrinin avadanlıqlarının alınaraq gətirilməsi və quraşdırılmasına dəstək göstəriləcəyi qeyd edilmiş, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, Fondun fəaliyyətində əsas prioritetlərdən biri məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onlara güzəştli kreditlərin verilməsi və maarifləndirilməsidir. Qeyd edilmişdir ki, indiyədək 1830 məcburi köçkün sahibkara 38,7 milyon manat güzəştli kredit verilmiş, bu kreditlərin reallaşdırılması nəticəsində 3400-dən çox yeni iş yerinin yaradılması mümkün olmuşdur.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Kəlbəcərdən olan 20 məcburi köçkün sahibkara 100 min manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşması 20 yeni iş yerinin yaradılmasına imkan verir.
Forumda məcburi köçkün sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında işgüzar müzakirələr aparılmışdır.
Tədbir çərçivəsində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş məcburi köçkün sahibkarların Yevlax rayonu, Malbinəsi qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatlarına baxış keçirilmişdir.

 

skmf-17-03-2016-1 skmf-17-03-2016-2