250 Arxiv
Xəbərlər

Geri

Biləsuvarda sahibkarlara güzəştli kreditlər verilmişdir 03.12.2015 / Konfranslar, iclaslar

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu dekabrın 3-də Biləsuvar rayonunun İsmətli kəndində keçirmişdir. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilmiş, Biləsuvarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulmuş, sahibkarların investisiya layihələri maliyyələşdirilmişdir.
100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Biləsuvar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, pendir istehsalı, meyvəqurutma, üzlük daşlar və dam örtükləri istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, 2015-ci ilin ötən dövründə 5100-ə yaxın sahibkara 211,7 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 11600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11700-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 466 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmişdir.
İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 80-ə yaxın sahibkara 2 milyon manatdan çox güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, əkinçilik, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir.
Forum çərçivəsində Biləsuvar rayonunun Təzəkənd, Bəydili və Aranlı kəndləri ərazisində güzəştli kredit ayrılmış 200 ha sahədə nar bağlarına baxış keçirilmişdir. Son illər 1659 ha ərazidə 22 intensiv bağçılıq və tingçilik təsərrüfatının yaradılmasına 20,8 milyon manat dövlətin güzəştli kreditləri verilmişdir.

 

skmf-03-12-2015-1 skmf-03-12-2015-2
skmf-03-12-2015-3