233 Arxiv
Xəbərlər

Geri

Mingəçevirdə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilmişdir 06.11.2015 / Konfranslar, iclaslar

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Noyabrın 6-da bu istiqamətdə növbəti tədbir – Mingəçevir şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilmişdir.
Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilmiş, Mingəçevirdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulmuş, sahibkarların investisiya layihələri maliyyələşdirilmişdir.
100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Mingəçevir şəhərinin iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, plastik qapı-pəncərə, üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, indiyədək Mingəçevir şəhərində fəaliyyət göstərən 164 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 8,5 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 1160-dan çox yeni iş yerinin açılması mümkün olmuşdur. Ümumilikdə isə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 462 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 36800-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Mingəçevir və ətraf rayonlardan olan 60 sahibkara 4,7 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, iri fermer təsərrüfatının yaradılmasına, heyvandarlıq, arıçılıq, qapı-pəncərə istehsalı sahələrinin inkişafına yönəldiləcəkdir.
Forum çərçivəsində Mingəçevirdə güzəştli kredit ayrılmış çörək və tikinti materiallarının istehsalı müəssisələrinə baxış keçirilmişdir. Ümumilikdə, son illər ərzində 21 tikinti materiallarının istehsalı müəssisəsinin yaradılmasına, müasir texnologiya və avadanlıqlarla təchiz edilməsinə 72 milyon manat güzəştli kredit ayrılmışdır. Bu müəssisələrdən 19-u artıq istifadəyə verilmişdir.

 

mingecevir-06-11-2016-1 mingecevir-06-11-2016-2
mingecevir-06-11-2016-3 mingecevir-06-11-2016-4