260 Arxiv
Xəbərlər

Geri

Şamaxıda güzəştli kreditlər hesabına intensiv bağçılıq təsərrüfatlarıyaradılmışdır 15.10.2015 / Konfranslar, iclaslar

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinin investisiya layihələriningüzəştli qaydada maliyyələşdirilməsini davam etdirir.
Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum oktyabrın 15-də Şamaxı rayonunun Muğanlı kəndində keçirilmişdir. İşgüzar forumun keçirilməsində məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatın verilməsi, Şamaxıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
80-a yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şamaxı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, üzümçülük və arıçılıq təsərrüfatlarının, pendir istehsalı, ət kəsimi, şirniyyat məhsulları və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev forum iştirakçılarına məlumat verərək bildirmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində 4400-dən çox sahibkara 166 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılmasının 10200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1707 investisiya layihəsinin maliyyələşdirilməsinə 58,4 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı komplekslərinin, ixtisaslaşdırılmış "yaşıl market"in, iri fermer təsərrüfatlarının, quşçuluq fabrikinin, müasir heyvandarlıq komplekslərinin, çörək zavodunun, tikinti materiallarının istehsalı müəssisəsinin, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmişdir.
İşgüzar forum çərçivəsində Şamaxı və ətraf rayonlardan olan 60 sahibkara 563 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, taxılçılıq, üzümçülük, heyvandarlıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir.
Forum çərçivəsində Şamaxı rayonunun Hacıqədirli kəndində güzəştli kreditlər hesabına 250 ha sahədə salınmış intensiv bağçılıq, Çarhan kəndində 73 ha sahədə intensiv üzümçülük təsərrüfatlarına baxış keçirilmişdir. Ümumilikdə, son illər Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2788 ha ərazidə 39 intensiv bağçılıq, tingçilik və üzümçülük təsərrüfatlarının yaradılmasına 39.4 milyon manat güzəştli kredit verilmişdir.