242 Arxiv
Xəbərlər

Geri

İsmayıllıda ixtisaslaşdırılmış "yaşıl market" tikilir 30.07.2015 / Konfranslar, iclaslar

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
İyulun 30-da Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı rayonunun Qaraqaya kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilmiş, İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulmuş, sahibkarların investisiya layihələri maliyyələşdirilmişdir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, intensiv bağçılıq, arıçılıq təsərrüfatlarının, meyvəqurutma, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində 3400-ə yaxın sahibkara 119,5 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1640 investisiya layihəsinin maliyyələşdirilməsinə 57,5 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı komplekslərinin, iri fermer təsərrüfatlarının, "yaşıl market"in, quşçuluq fabrikinin, müasir heyvandarlıq komplekslərinin, çörək zavodunun, tikinti materiallarının istehsalı müəssisəsinin, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 5500-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində İsmayıllı və ətraf rayonlardan olan 59 sahibkara 1 milyon 66 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, taxılçılıq, üzümçülük, əkinçilik, heyvandarlıq, arıçılıq, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində İsmayıllı rayonunda güzəştli kredit ayrılmış ixtisaslaşdırılmış "yaşıl market"də aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir. 2,25 ha ərazidə yerləşən ixtisaslaşdırılmış "yaşıl market" meyvə, tərəvəz, ət və süd məhsullarının saxlanması üçün tutumu 1000 ton olan soyuducu anbar, pərakəndə və topdansatış üçün ticarət zonaları, 150 fermer mağazası və avtodayanacaqdan ibarət olacaq. Ümumilikdə, indiyədək 2 ixtisaslaşdırılmış "yaşıl market"in tikintisinə 9,8 milyon manat güzəştli kredit verilmişdir.

 

skmf-ym-30-07-2015-1 skmf-ym-30-07-2015-2
skmf-ym-30-07-2015-3 skmf-ym-30-07-2015-4