268 Arxiv
Xəbərlər

Geri

Daşkəsəndə sahibkarlara güzəştli kreditlər verilmişdir 23.07.2015 / Konfranslar, iclaslar

İyulun 23-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Daşkəsən rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilmiş, Daşkəsəndə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilmiş, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir.
150-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Daşkəsən rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədi ilə prioritet hesab olunan cins heyvandarlıq, kartofçuluq, yüksək məhsuldar kartof toxumçuluğu və arıçılıq təsərrüfatlarının, meyvə emalı və qablaşdırılması, çörək, şirniyyat məhsulları, plastik qapı-pəncərə və üzlük daş istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində 3300-ə yaxın sahibkara 113 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5450-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 198 milyon manatdan çox güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, tikinti materiallların istehsalı müəssisələrinin, istixana, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 24 mindən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Daşkəsən və ətraf rayonlardan olan 55 sahibkara 747 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, kartofçuluq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir.
Forum çərçivəsində Daşkəsən rayonunun Quşçu qəsəbəsində illik istehsal gücü 1000 ton olan ət kəsimi müəssisəsinin fəaliyyətinə baxış keçirilmişdir. Müəssisəyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 655 min manat kredit verilmişdir. Hazırda müəssisədə 45 nəfər işləyir.

 

skmf-23-07-2015-1 skmf-23-07-2015-2