255 Arxiv
Xəbərlər

Geri

Binəqədi rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilmişdir 15.07.2015 / Konfranslar, iclaslar

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum iyulun 15-də Binəqədi rayonunda keçirilmişdir. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilmiş, Binəqədidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulmuş, sahibkarların investisiya layihələri maliyyələşdirilmişdir.
80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının, plastik qapı-pəncərə, üzlük daş, corab və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanmış, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində ölkə üzrə 3100-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 111 milyon manatdan çox güzəştli kredit yönəldilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 7100-ə yaxın çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1079 investisiya layihəsinin maliyyələşdirilməsinə 249,2 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, metal konstruksiya istehsalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilmişdir.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 28 sahibkarlıq subyektinə 7,5 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, çörək, mebel istehsalı, heyvandarlıq, istixana təsərrüfatının yaradılması, üzümçülük və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Forum çərçivəsində Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində ildə 30 min ton PVC tərkibli yarımfabrikatların istehsal etmək gücündə olan tikinti materialların istehsalı müəssisəsinə baxış keçirilmişdir. Ümumilikdə, son illər tikinti materiallarının istehsalı ilə bağlı yeni texnologiyalara əsaslanan 21 investisiya layihəsinin maliyyələşdirilməsinə 72 milyon manat güzəştli kredit verilib. Artıq bu müəssisələrdən 18-i istifadəyə verilmişdir.

bineqedi-15-07-2015-1

bineqedi-15-07-2015-2-
bineqedi-15-07-2015-3