270 Arxiv
Xəbərlər

Geri

Qusar rayonunda dövlətin güzəştli kreditləri hesabına çörək zavodu yaradılır 09.07.2015 / Konfranslar, iclaslar

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir.
Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum iyulun 9-da Qusar rayonunun Çiləgir kəndində keçirilmişdir.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, Qusar və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılmış, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Qusar rayonunda ixtisaslaşdırılmış "yaşıl market"in, intensiv bağçılıq, cins heyvandarlıq, kartofçuluq, yüksək məhsuldar kartof toxumçuluğu və arıçılıq təsərrüfatlarının, günəbaxan tumlarının emalı və xalçaçılıq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 3082 sahibkara 103,6 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6800-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2000 investisiya layihəsinin maliyyələşdirilməsinə 136,1 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 10400-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Qusar və ətraf rayonlardan olan 53 sahibkara 1,2 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, çörək istehsalı, heyvandarlıq, bağçılıq, tərəvəzçilik, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 90-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Qusarda güzəştli kreditlərdən istifadə etməklə inşa olunan gündəlik istehsal gücü 16 ton olacaq çörək istehsalı zavodunda aparılan tikinti işlərinə baxış keçirilmişdir. Bu müəssisəyə 994 min manat güzəştli kredit verilmişdir.
Ümumilikdə, son illər 28 çörək zavodunun tikintisinə və müasir texnologiya və avadanlıqlarla təchiz edilməsinə 50,5 milyon manat güzəştli kredit verilmişdir. Bu müəssisələrdən 12-si Bakı şəhərində, 15-i isə regionlardadır. Türkiyə, Almaniya, Çexiya, Niderland və digər ölkələrin müasir texnologiya və avadanlıqları əsasında qurulmuş 26 çörək zavodu artıq istifadəyə verilmişdir. Bu zavodlar gündə 794,6 ton çörək istehsal etmək gücünə malikdir.

 

skmf-09-07-2015-1 skmf-09-07-2015-2