241 Arxiv
Xəbərlər

Geri

Ucarda güzəştli kreditlər hesabına quşçuluq fabriki yaradılmışdır 25.06.2015 / Konfranslar, iclaslar

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum iyunun 24-də Ucar rayonunun Qazıqumlaq kəndində keçirilmişdir. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilmiş, Ucarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulmuş, sahibkarların investisiya layihələri maliyyələşdirilmişdir.
100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ucar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, istixana və intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin və çörək zavodunun yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində 2771 sahibkara 92,4 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 10600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 431 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 35000-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Ucar və ətraf rayonlardan olan 69 sahibkara 1,9 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, taxılçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir.
Forum çərçivəsində Ucarda güzəştli kredit ayrılmış ildə 9,5 min ton quş əti istehsal etmək gücündə olan müəssisəyə baxış keçirilmişdir. Ümumilikdə, son illər ərzində dövlətin güzəştli kreditləri hesabına illik istehsal gücü 59,4 min ton quş əti və 296 milyon ədəddən çox yumurta olan 42 quşçuluq təsərrüfatına 116,6 milyon manat güzəştli kredit verilmiş, nəticədə sənaye üsulu ilə quş əti istehsalı ildə 100 min tonu ötmüş, bu sahədə özünü təminetmə səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir.

 

skmf-24-06-2015-1 skmf-24-06-2015-2
skmf-24-06-2015-3 skmf-24-06-2015-4