268 Arxiv
Xəbərlər

Geri

Masallıda güzəştli kredit hesabına çayçılıq təsərrüfatı yaradılmışdır 11.06.2015 / Konfranslar, iclaslar

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
İyunun 11-də Sahibkarlığa Kömək Milli Fondu Masallı rayonunun Sığıncaq kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. İşgüzar forumun keçirilməsində məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilməsi, Masallıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
70-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Masallı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, ət kəsimi, plastik qapı-pəncərə, üzlük daş istehsalı və meyvə emalı müəssisələrinin, istixana, cins heyvandarlıq, intensiv kartofçuluq və sitrus bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində 2637 sahibkara 87 milyon manata yaxın güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 100 milyon manatdan çox güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmişdir.
İşgüzar forum çərçivəsində Masallı və ətraf rayonlarda fəaliyyət göstərən 69 sahibkara 531,5 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 90-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Masallı rayonunun Kolanı kəndində güzəştli kredit ayrılmış intensiv çayçılıq təsərrüfatına baxış keçirilmişdir. Ümumilikdə, indiyədək çayçılığın inkişafı ilə bağlı 12 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 10,7 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərin rellaşdırılması nəticəsində 480 yeni iş yeri açılmışdır.

 

masalli-11-06-2015-1 masalli-11-06-2015-2
masalli-11-06-2015-3 masalli-11-06-2015-4