245 Arxiv
Xəbərlər

Geri

Beyləqan rayonunda dövlətin güzəştli kreditləri hesabına 3 iri fermer təsərrüfatı yaradılmışdır 15.05.2015 / Konfranslar, iclaslar

 

skmf-15-05-2015-1Mayın 15-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Beyləqan rayonunun Birinci Aşıqlı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Beyləqanda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
90-a yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Beyləqan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, ət kəsimi, pendir istehsalı, meyvəqurutma, dondurma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
skmf-15-05-2015-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində 2100-ə yaxın sahibkara 73,8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 10345 investisiya layihəsinin maliyyələşdirilməsinə 423,4 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 34700-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Beyləqan və ətraf rayonlardan olan 92 sahibkara 2,8 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 150-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Beyləqanda güzəştli kredit ayrılmış və 4000 ha ərazidə yaradılmış iri fermer təsərrüfatlarına baxış keçirilmişdir. Ümumilikdə, əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə 15 sahibkarlıq subyekti tərəfindən respublikanın 12 rayonunda - Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxıda 30 min hektaradək 19 iri fermer təsərrüfatının yaradılmasına 51,8 milyon manat dövlətin güzəştli kreditləri verilmişdir.