291 Arxiv
Xəbərlər

Geri

Astarada arıçılığın inkişafı dövlətin güzəştli kreditləri hesabına stimullaşdırılır 16.04.2015 / Konfranslar, iclaslar

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum aprelin 16-da Astara rayonunun Vaqo kəndində təşkil olunmuşdur. İşgüzar forumun keçirilməsində əsas məqsəd güzəştli kreditlərin alınması mexanizmi barədə sahibkarlara ətraflı məlumatların verilməsi, Astarada həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
80-ə yaxın sahibkarın iştirak etdiyi tədbir çərçivəsində Astara rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market", cins heyvandarlıq, arıçılıq, çayçılıq və intensiv bağçılıq təsərrüfatlarının, corab istehsalı, balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində 1570 sahibkara 47,2 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2273 investisiya layihəsinin maliyyələşdirilməsinə 100,1 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarının, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 10700-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 67 sahibkara 646 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq, tərəvəzçilik, çayçılıq, kartofçuluq, quşçuluq, və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 90-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Astarada güzəştli kredit ayrılmış arıçılıq təsərrüfatlarına baxış keçirilmişdir. Qeyd edək ki, indiyədək arıçılığın inkişafı istiqamətində 250 sahibkara 2,8 milyon manat dövlətin güzəştli krediti verilmişdir.

 

astara-16-04-2015-1 astara-16-04-2015-2