260 Arxiv
Xəbərlər

Geri

Sərhəd bölgəsində sahibkarlara güzəştli kreditlər verilib 09.04.2015 / Konfranslar, iclaslar

Qazaxda güzəştli kreditlər hesabına yaradılan emal zavodu Gürcüstanda yaşayan soydaşlarımızın istehsal etdikləri kənd təsərrüfatı məhsullarını da tədarük edəcək

 

Aprelin 9-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qazax rayonunun Ağköynək kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Qazaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
Forumda Qazax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market", cins heyvandarlıq, üzümçülük və arıçılıq təsərrüfatlarının, ət kəsimi, pendir istehsalı, meyvəqurutma və günəbaxan tumlarının emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində 1410 sahibkara 43,4 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3200-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5145 investisiya layihəsinin maliyyələşdirilməsinə 186,1 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, süfrə suları istehsalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 23400-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Qazax və ətraf rayonlardan olan 60 sahibkara 3,2 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, əkinçilik, üzümçülük, çörək istehsalı, istixana kompleksinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 120-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Qazaxda güzəştli kredit ayrılmış meyvə-tərəvəz emalı zavoduna və 80 ha sahədə kartof əkini işlərinə baxış keçirilmişdir. İldə 39,5 min ton konserv məhsulları istehsal etmək gücündə olan bu emal zavodu Gürcüstanda yaşayan soydaşlarımızdan da kənd təsərrüfatı məhsullarını tədarük edəcəkdir.

 

qazax-skmf-09-04-2015-1 qazax-skmf-09-04-2015-2