252 Arxiv
Xəbərlər

Geri

Ağsuda iri fermer təsərrüfatları yaradılıb 18.03.2015 / Konfranslar, iclaslar

Martın 18-də Sahibkarlığa Kömək Milli Fondu Ağsu rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Ağsuda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
90-a yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağsu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir, meyvəqurutma və corab istehsalı müəssisələrinin, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində 1110-dan çox sahibkara 30,8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1515 investisiya layihəsinin maliyyələşdirilməsinə 55,6 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı komplekslərinin, iri fermer təsərrüfatlarının, "yaşıl market"in, quşçuluq fabrikinin, müasir heyvandarlıq komplekslərinin, çörək zavodunun, tikinti materiallarının istehsalı müəssisəsinin, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 5300-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, respublikanın 12 rayonunda - Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxıda 30 min hektardan artıq sahədə 15 sahibkarlıq subyekti tərəfindən 19 iri fermer təsərrüfatı yaradılır. Bu məqsəd üçün sahibkarlara 50.3 milyon manat güzəştli kredit verilmişdir. Hazırda bu təsərrüfatlarda müasir suvarma sistemləri qurulur, yazlıq əkinə hazırlıq işləri aparılır.
İşgüzar forum çərçivəsində Ağsu və ətraf rayonlardan olan 52 sahibkara 624,5 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 70-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Ağsuda 1500 ha ərazidə iri fermer təsərrüfatına baxış keçirilmişdir. Bu təsərrüfata Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilmişdir. 

agsu-18-03-2015-1 agsu-18-03-2015-2
agsu-18-03-2015-3 agsu-18-03-2015-4