236 Arxiv
Xəbərlər

Geri

Yevlaxda sahibkarlara güzəştli kreditlər verilmişdir 06.03.2015 / Konfranslar, iclaslar

Martın 6-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Yevlax rayonunun Kövər kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Yevlaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Yevlax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, cins heyvandarlıq kompleksinin, kiçik və ya orta həcmli istixana və bağçılıq təsərrüfatlarının, pendir istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində 842 sahibkara 27,6 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9766 investisiya layihəsinin maliyyələşdirilməsinə 415,5 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 33400-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Yevlax və ətraf rayonlardan olan 54 sahibkara 1,4 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, əkinçilik, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Yevlaxda güzəştli kredit ayrılmış tikinti materialları istehsalı zavoduna baxış keçirilmişdir. İldə 24 min ton dəmir-beton məhsulları istehsal etmək gücündə olan zavodun maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 8 milyon manat güzəştli kredit verilmişdir. Ümumilikdə, indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 19 tikinti materiallarının istehsalı müəssisəsinin yaradılmasına və müasir texnologiya və avadanlıqlarla təchiz edilməsinə 71 milyon manata yaxın güzəştli kredit verilmişdir. Bu müəssisələrdən 14-ü artıq istifadəyə verilmişdir.

 

yevlax-skmf-06-03-2015-1 yevlax-skmf-06-03-2015-2
yevlax-skmf-06-03-2015-3 yevlax-skmf-06-03-2015-4