250 Arxiv
Xəbərlər

Geri

Samuxda quşçuluq təsərrüfatı fəaliyyətə başlamışdır 13.02.2015 / Konfranslar, iclaslar

40 quşçuluq təsərrüfatına 110 milyon manata yaxın güzəştli kredit verilmişdir

 

skmf-samux-13-02-2015-1Fevralın 13-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Samux rayonunun Qovlarsarı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Samuxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Samux rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer, istixana və intensiv üzümçülük təsərrüfatlarının, pendir, plastik qapı-pəncərə, üzlük daş və corab istehsalı müəssisələrinin, "yaşıl market" və fermer mağazalarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
skmf-samux-13-02-2015-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində 422 sahibkara 10,7 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 4948 investisiya layihəsinin maliyyələşdirilməsinə 170,9 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı müəssisələrinin, istixana təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 23000-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Samux və ətraf rayonlardan olan 50 sahibkara 1,1 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, üzümçülük, çorək və mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaqdır.
Forum çərçivəsində Samux rayonunun Sərkar kəndində güzəştli kredit ayrılmış ildə 1,6 min ton quş əti istehsal etmək gücündə olan olan müasir quşçuluq fabrikinə baxış keçirilmişdir. Bu fabrikin yaradılmasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,5 milyon manat güzəştli kredit verilmişdir. Ümumilikdə isə, Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə son illər respublikanın regionlarında və Bakı şəhərinin qəsəbələrində illik istehsal gücü 56,7 min ton quş əti, 95 milyon ədəd damazlıq və 183,1 milyon ədəd əmtəəlik yumurta olan 40 quşçuluq təsərrüfatına 110 milyon manata yaxın güzəştli kreditlər verilmişdir. Artıq illik istehsal gücü 37.9 min ton quş əti, 69 milyon ədəd damazlıq və 154.9 milyon ədəd əmtəəlik yumurta olan 32 quşçuluq təsərrüfatı istifadəyə verilmişdir. Görülən işlərin nəticəsidir ki, quş əti və yumurta istehsalının artımına nail olunmuşdur.