256 Arxiv
Xəbərlər

Geri

Şəmkirdə "Şəmkir Aqropark" Forumu keçirilmişdir 16.01.2015 / Konfranslar, iclaslar

 

aqropark1Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilən Şəmkir çayı üzərində dəryaçanın inşası region üçün mühüm əhəmiyyətə malik olan "Şəmkir Aqropark"ın yaradılmasını şərtləndirmişdir.
Yanvarın 16-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkirdə aqropark layihəsinin təqdimatına dair forum keçirilmişdir.
Forumun keçirilməsində əsas məqsəd təməli dövlət başçısı tərəfindən qoyulmuş "Şəmkir Aqropark"ında yaradılacaq istehsal və emal müəssisələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi məsələlərinin müzakirə edilməsi idi.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Şəmkir rayonunda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmiş, "Şəmkir Aqropark"ın yaradılmasının regionun iqtisadi potensialının reallaşdırılmasında əhəmiyyətini vurğulamışdır.
"Şəmkir Aqropark" MMC-nin direktoru Zəfər Novruzov layihə barədə forum iştirakçılarına məlumat vermişdir. aqropark2Azərbaycanda ilk dəfə Şəmkir rayonunda 543 ha ərazidə yaradılmasına başlanılmış "Şəmkir Aqropark"da müasir istixana kompleksləri, şitilçilik, tingçilik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistik və aqroservis mərkəzi, soyuducu anbar, "yaşıl market" və fermer mağazaları, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaqdır. Aqroparkın yaradılması regionda fəaliyyət göstərən fermerlərə məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, müasir texnologiyaların tətbiq olunmasına, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına şərait yaradacaq, nəticədə yüksək məhsuldarlılığın və mənfəətliliyin təmin edilməsi stimullaşdırılacaq. Aqroparkda yaradılacaq təlim-tədris mərkəzi tərəfindən fermerlərə torpağın tərkibinə uyğun istifadə olunması və düzgün aqrotexniki qulluq göstərilməsi üzrə treninqlər keçiriləcəkdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, dünyada, xüsusilə regionda davam edən neqativ iqtisadi meyillərə baxmayaraq, Azərbaycanda dövlət proqramları, layihələr, sahibkarlığa dövlət dəstəyi tədbirləri və s. əvvəlki illərdə olduğu kimi, tam həcmdə icra olunur. Bildirilmişdir ki, aqrar sektorun modernləşdirilməsi məqsədilə aqroparkların yaradılması əsas hədəflərdən hesab olunur. Azərbaycanda yaradılan aqroparkların əsas üstünlüyü isə burada dövlətin tam dəstək göstərməsidir. Belə ki, Şəmkirdə aqroparkın yaradılmasını şərtləndirən əsas amil Şəmkirçay dəryaçasının dövlət investisiyaları hesabına tikintisi və böyük torpaq sahələrinin suvarılmasının təmin olunmasıdır. "Şəmkir Aqropark"ın yaradılmasında da dövlət dəstəyinin göstərilməsi, eyni zamanda güzəştli kreditlərdən istifadə edilməsi, aqroservis xidmətlərinin təmin olunması da nəzərdə tutulur. Aqroparkların yaradılması ixrac coğrafiyasının daha da genişləndirilməsinə və həcminin artırılmasına, milli brendlərin formalaşdırılmasına, intensiv metodların tətbiqinə, istehsalçı, emalçı və istehlakçı arasında münasibətlərinin genişləndirilməsinə, yüksək məhsuldarlığa nail olunmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaq. Bildirilmişdir ki, aqroparkda yaradılacaq müəssisələrin maliyyələşdirilməsinin əsas hissəsi sahibkarların vəsaiti və bir hissəsi isə dövlətin güzəştli kreditləri hesabına həyata keçiriləcəkdir.
Artıq digər regionlarda da aqroparkların yaradılması istiqamətində işlər aparılır.
Forum çərçivəsində aqroparkda yaradılacaq müəssisələrlə - logistik mərkəzin soyutma sistemlərinin quraşdırılması, qablaşdırma və çeşidləmə müəssisələri ilə İtaliyanın "Unitec" və "İsolcell", Fransanın "MAF RODA" və Türkiyənin "Beta" şirkətləri arasında ilkin anlaşma memorandumları imzalanmışdır.