243 Arxiv
Xəbərlər

Geri

2014-cü ildə 5570-ə yaxın sahibkara 295 milyon manat güzəştli kredit verilmişdir 25.12.2014 / Konfranslar, iclaslar

skmf-25-12-2014-1Dekabrın 25-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair bu ilin sonuncu işgüzar forumunu Siyəzən rayonunun Böyük Həmyə kəndində keçirmişdir.
100-dən çox sahibkarın iştirak etdiyi forumda Siyəzən rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış, sahibkarlara cins heyvandarlıq, istixana və üzümçülük təsərrüfatlarının, fermer mağazalarının yaradılması üzrə layihələrin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə vurğulanmışdır ki, dünyada və regionda müşahidə edilən mənfi iqtisadi meyillərə baxmayaraq, Azərbaycanda dövlət proqramları, layihələr tam həcmdə icra olunur, sahibkarlığa dövlət dəstəyi və s. tədbirlər uğurla davam etdirilir. Təsadüfi deyildir ki, bu il sahibkarlığın inkişafına əvvəlki ilə nisbətən daha çox - 295 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına skmf-25-12-2014-25570-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsi maliyyələşdirilmişdir. Bu layihələrin reallaşdırılması 12500-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Ötən illə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 24,6% artmışdır. Güzəştli kreditlərin 77%-i respublikanın regionlarının, 23%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Güzəştli kreditlər müasir heyvandarlıq və istixana kompleksləri, iri fermer təsərrüfatları, logistik mərkəzlər, ixtisaslaşdırılmış "yaşıl market"lər, çörək zavodları, quşçuluq və intensiv bağçılıq təsərrüfatları, yem zavodları, tikinti materiallarının istehsalı müəssisələri, mis emalı, istixana konstruksiyaları və meyvəqurutma avadanlıqlarının istehsalı, meyvə və tərəvəz emalı müəssisələri və iqtisadiyyatın digər prioritet sahələri üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş yeni texnologiyalara əsaslanan 40-a yaxın istehsal, emal və aqrar sektora xidmət infrastrukturu müəssisəsi 2014-cü ildə istifadəyə verilmişdir. O cümlədən, 2014-cü il "Sənaye ili"ndə 27 yeni sənaye müəssisəsinin yaradılması yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 69,2 milyon manat güzəştli kredit verilmişdir.
Bildirilmişdir ki, 2015-ci ildə ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin, logistika mərkəzlərinin, ixtisaslaşdırılmış "yaşıl market"lərin, aqroparkların, iri fermer, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, müasir istixana komplekslərinin, meyvə-tərəvəz emalı, qarışıq yem istehsalı, çörək istehsalı və digər sənaye müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı dövlətin güzəştli kreditlərinin yönəldiləcəyi əsas istiqamətlər olacaq.
Forum çərçivəsində 44 sahibkarlıq subyektinə 546,7 min manat güzəştli kredit verilmişdir. Ayrılmış kreditlər əsasən, heyvandarlıq, bağçılıq, taxılçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 60-dan çox yeni iş yerinin açılmasına imkan yaradacaq.