266 Arxiv
Xəbərlər

Geri

İsmayıllı rayonunda sahibkarlığın inkişafı stimullaşdırılır 11.12.2014 / Konfranslar, iclaslar

 Dekabrın 11-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu İsmayıllı rayonunun Qalınçaq kəndində keçirmişdir.
İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin inkişaf etdirilməsidir.
100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, fermer mağazalarının, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı müəssisəsinin) və pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
skmf-ismayilli-11-12-2014-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində 5401 sahibkara 280 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1446 investisiya layihəsinin maliyyələşdirilməsinə 54,7 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, ixtisaslaşdırılmış "yaşıl market"in, quşçuluq fabrikinin, heyvandarlıq komplekslərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, tikinti materialları istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 5100-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.
Forum çərçivəsində İsmayıllı rayonunda güzəştli kredit ayrılmış ixtisaslaşdırılmış "yaşıl market"in tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir. 2,25 ha ərazidə tikilən ixtisaslaşdırılmış "yaşıl market" meyvə, tərəvəz, ət və süd məhsullarının saxlanması üçün tutumu 1000 ton olan soyuducu anbar, pərakəndə və topdansatış üçün ticarət zonaları, 150 fermer mağazası və avtodayanacaqdan ibarət olacaq. Tikintisinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 700 min manat güzəştli kredit verilmiş "yaşıl market"in 2015-ci ilin yay aylarında istifadəyə verilməsi nəzərdə tutulur.