266 Arxiv
Xəbərlər

Geri

Qaxda sahibkarlığın inkişafı stimullaşdırılır 13.11.2014 / Konfranslar, iclaslar

 

skmf-banner-newNoyabrın 13-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Qax rayonunun Qorağan kəndində keçirmişdir.
İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Qax və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsidir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Qax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, fermer mağazalarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı) yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Arif Vəliməmmədov bildirmişdir ki, ümumilikdə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1662 investisiya layihəsinin maliyyələşdirilməsinə 92 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq, intensiv bağçılıq, üzümçülük təsərrüfatlarının, heyvadarlıq komplekslərinin, ət və süd emalı, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 8600-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Qax və ətraf rayonlardan olan 47 sahibkara 892,5 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, taxılçılıq, arıçılıq, çörək və mebel istehsalı sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4872 sahibkara 261,8 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
İşgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılmışdır.
Forum çərçivəsində Qax rayonunda güzəştli kredit ayrılmış heyvandarlıq və arıçılıq təsərrüfatlarına baxış keçirilmişdir.