250 Arxiv
Xəbərlər

Geri

Binəqədi rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilmişdir 23.10.2014 / Konfranslar, iclaslar

bineqedi 1İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Oktyabrın 23-də bu istiqamətdə növbəti tədbir – Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilmişdir.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, Binəqədi rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılmış, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir.
100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının, plastik qapı-pəncərə istehsalı müəssisəsinin və tikiş sexinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
bineqedi 2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 910 investisiya layihəsinin maliyyələşdirilməsinə 202,2 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodlarının, istixana, quşçuluq təsərrüfatlarının, ət emalı, metal konstruksiya və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilmiş, 7000-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Bakı qəsəbələrində fəaliyyət göstərən 34 sahibkara 1,8 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, un məmulatları, qapı-pəncərə, mebel istehsalı, müasir istixana kompleksin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4545 sahibkara 245,8 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Forum çərçivəsində Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində güzəştli kredit ayrılmış müasir texnologiyaların tətbiqinə əsaslanan tikinti materialları istehsal edən müəssisənin fəaliyyətinə baxış keçirilmişdir. İldə 30 min ton PVC tərkibli yarımfabrikatlar istehsal etmək gücündə olan bu müəssisəyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilmişdir. Ümumilikdə, Fond tərəfindən son illər müasir texnologiyaların tətbiqinə əsaslanan tikinti materialları istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 65,4 milyon manat güzəştli kredit verilmişdir.