Geri
Oktyabrın 16-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Qusar rayonunun Samur qəsəbəsində keçirmişdir.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, Qusar və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılmış, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir.
100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Qusar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, fermer mağazalarının, cins heyvandarlıq, üzümçülük və kartofçuluq təsərrüfatlarının, cır meşə meyvələrinin emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1742 investisiya layihəsinin maliyyələşdirilməsinə 130,3 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 9800-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Qusar və ətraf rayonlardan olan 50 sahibkara 3,4 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, taxılçılıq, logistik mərkəzdə çeşidləmə və qablaşdırma sahəsinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 130-dan çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4378 sahibkara 242 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9700-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Forum çərçivəsində Qusar rayonunun Kuzun kəndində güzəştli kredit ayrılmış müasir logistik mərkəzin fəaliyyətinə baxış keçirilmişdir. Tutumu 12 min ton olan bu logistik mərkəzə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilmişdir. Ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonu üzrə ümumi tutumu 53,2 min ton olan 14 logistik mərkəzin maliyyələşdirilməsinə 31,8 milyon manat güzəştli kredit verilmişdir.