Geri
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu sentyabrın 25-də Suraxanı rayonunun Əmircan qəsəbəsində keçirmişdir.
İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Bakı və ətraf qəsəbələrdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, fermer mağazalarının, ət kəsimi və emalı müəssisəsinin, müasir istixana kompleksinin və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanmış, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 4018 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 202,3 milyon manat güzəştli kredit (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 9000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 877 investisiya layihəsinin maliyyələşdirilməsinə 197,3 milyon manat güzəştli kredit verilmişdir. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Əmircan qəsəbəsində keçirilmiş sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 28 sahibkarlıq subyektinə 9,9 milyon manat kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, zəfərançılıq, istixana təsərrüfatının yaradılması, çörək, un və un məmulatları, konserv məhsulları, beton istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 160-dan çox yeni iş yeri açılacaq.
Suraxanı rayonunda keçirilmiş işgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılmışdır.
Tədbir çərçivəsində həmçinin, Xəzər rayonunun Zirə qəsəbəsində güzəştli kredit ayrılmış müasir istixana kompleksinə baxış keçirilmişdir.