217 Arxiv
Xəbərlər

Geri

Emalçılarla istehsalçılar arasında kooperasiya münasibətlərinin qurulması təşviq olunur 07.08.2014 / Konfranslar, iclaslar

Emalçılarla istehsalçılar arasında kooperasiya münasibətlərinin qurulması

təşviq olunur

 

skmf-xachmaz-07-08-2014-1Avqustun 7-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xaçmaz rayonunda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir.
İşgüzar forumun keçirilməsində əsas məqsəd aqrar sektorda intensiv metodların tətbiqi, istehsalın keyfiyyətli və səmərəli təşkil edilməsi, emalçılar ilə istehsalçılar arasında kooperasiya və bərabərhüquqlu müqavilə münasibətlərinin möhkəmləndirilməsinin stimullaşdırılması, fermerlərin dövlətin dəstək mexanizmlərindən, o cümlədən güzəştli kreditlərdən və lizinq xidmətlərindən daha səmərəli istifadə etməsi, daxili bazarın yerli məhsullarla təmin olunması və ixrac imkanlarının artırılması, Xaçmazda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
Quba-Xaçmaz iqtisadi rayonda fəaliyyət göstərən meyvə istehsalçıları, emal müəssisələri və logistik mərkəzlərin rəhbərlərinin və digər sahələrdə fəaliyyət göstərən sahibkarların iştirak etdiyi forum çərçivəsində Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir çörək istehsalı və ət kəsimi müəssisələrinin, ixtisaslaşdırılmış "yaşıl market"in, kiçik fermer mağazalarının, intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrininskmf-xachmaz-07-08-2014-2təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
İşgüzar forum çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun koordinatorluğu ilə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən alma istehsalçıları ilə emal müəssisələri və logistik mərkəzlərin rəhbərləri arasında istehsal olunan məhsulun itgiyə getmədən saxlanmasının təmin edilməsi və emal müəssisələrinə verilməsinin təşkil edilməsi məqsədilə ilə müzakirələr aparılmış, sahibkarların təklifləri dinlənilmişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış edərək bildirmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində 3164 sahibkara 179,8 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1679 investisiya layihəsinin maliyyələşdirilməsinə (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) 118,8 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, quşçuluq fabriklərinin, intensiv bağçılıq, quru meyvə, tara, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmişdir.
İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 76 sahibkara 7 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, logistik mərkəzin yaradılması, heyvandarlıq, bağçılıq, quşçuluq, tərəvəzçilik və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 270-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Xaçmaz rayonunda güzəştli kredit ayrılmış meyvə-tərəvəz emalı zavodunun və logistik mərkəzin fəaliyyətinə baxış keçirilmişdir.