Geri
Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi davam
etdirilir
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu iyulun 25-də Sabunçu rayonunun Maştağa qəsəbəsində keçirmişdir.
80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, logistik mərkəzin, ət kəsimi müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanmış, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 2982 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 153,9 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 6600-dan çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 851 investisiya layihəsinin maliyyələşdirilməsinə 189,9 milyon manat güzəştli kredit verilmişdir. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6000-dən çox yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
Maştağa qəsəbəsində keçirilmiş sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 22 sahibkarlıq subyektinə 14,3 milyon manat kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, logistik mərkəz, mebel, istixana konstruksiyaları və qida sənayesi avadanlıqları, ayaqqabı, plastik qapı-pəncərə, tikinti materialları, şirniyyat məhsulları istehsalı sahələrinə yönəldiləcək. Bu layihələrin reallaşdırılması 140-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
Sabunçu rayonunda keçirilmiş işgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılmışdır.
Tədbir çərçivəsində həmçinin, Maştağa qəsəbəsində güzəştli kredit ayrılmış müasir çörək zavodunun fəaliyyətinə baxış keçirilmişdir.