Geri
Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu sahədə görülmüş məqsədyönlü tədbirlər nəticəsində qaçqın və məcburi köçkünlərin sosial şəraiti yaxşılaşmış, onlar üçün yeni qəsəbələr salınmış, müasir tipli yeni yaşayış binaları və digər sosial obyektlər inşa olunmuş, çadır düşərgələri tamamilə ləğv edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.
İyunun 19-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 4 saylı qəsəbədə sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirmişdir.
100-ə yaxın məcburi köçkün sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Türkiyədən dəvət olunmuş mütəxəssisin iştirakı ilə hazırlanmış və regionda məcburi köçkünlərin məşğul ola biləcəyi güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələr - kiçik cins heyvandarlıq, çörək və şirniyyat məhsullarının istehsalı, tikiş sexi və pendir istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi, məcburi köçkünlərin istəyinə uyğun olaraq, bu istehsal və emal müəssisələrinin avadanlıqlarla təmin edilməsinə dəstək göstəriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, Fondun fəaliyyətində əsas prioritetlərdən biri məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onların maarifləndirilməsi və dövlətin güzəştli kreditlərinin verilməsidir. Qeyd edilmişdir ki, indiyədək 1300 məcburi köçkün sahibkara 30,8 milyon manat, o cümlədən Cəbrayıldan olan 244 məcburi köçkünə 1,5 milyon manat güzəştli kredit verilmiş, bu kreditlərin reallaşdırılması nəticəsində 2700-ə yaxın yeni iş yerinin yaradılması mümkün olmuşdur. Təkcə 2014-cü ilin ötən dövrü ərzində 100 məcburi köçkün sahibkara 4,9 milyon manat güzəştli kredit (bugünkü forumda verilən kreditlər də daxil olmaqla) verilmişdir ki, bu kreditlər hesabına 250-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İşgüzar forum çərçivəsində Cəbrayıl və Biləsuvar rayonlarından olan 43 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 414,5 min manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşdırılması 60-a yaxın yeni iş yerinin açılmasına imkan verir.
Biləsuvarda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 4 saylı qəsəbədə keçirilmiş işgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılmışdır.
İşgüzar forum çərçivəsində dövlətin güzəştli krediti ayrılmış Cəbrayıl rayonundan olan məcburi köçkün sahibkarlar Kamil Əhmədov və Musa İsgəndərovun Biləsuvar rayonu ərazisində yerləşən heyvandarlıq təsərrüfatlarına baxış keçirilmişdir.