247 Arxiv
Xəbərlər

Geri

Ağdaşda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilmişdir 04.04.2014 / Konfranslar, iclaslar

skmf-agdash-04-04-2014-1İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Aprelin 4-də Sahibkarlığa Kömək Milli Fondu Ağdaş rayonunun Qaradağlı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Ağdaşda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağdaş rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir çörək istehsalı müəssisəsinin, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, kiçik və orta həcmli istixana və bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
skmf-agdash-04-04-2014-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, bu ilin ötən dövrü ərzində 1014 sahibkara 44,7 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2500-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7598 investisiya layihəsinin maliyyələşdirilməsinə 326 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq, tingçilik və toxumçuluq, istixana təsərrüfatlarının, çörək zavodlarının, meyvə-tərəvəz, süd, ət emalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 29 mindən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İqtisadiyyat və Sənaye Nazirliyinin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov dövlət başçısının diqqət və qayğısı nəticəsində digər bölgələrdə olduğu kimi Aran iqtisadi rayonunda, o cümlədən Ağdaşda da quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin, yeni iş yerlərinin açıldığını bildirmiş, iqtisadi regionda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
İşgüzar forum çərçivəsində Ağdaş və ətraf rayonlardan olan 50 sahibkara 1,3 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, bağçılıq, fermer təsərrüfatlarının inkişafı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Qaradağlı kəndində keçirilmiş işgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılmışdır.
Forum çərçivəsində Ağdaş rayonunun Ərəbocağı kəndində güzəştli kredit ayrılmış müasir heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.