235 Arxiv
Xəbərlər

Geri

Güzəştli kreditlər hesabına Suraxanı rayonunda yeni sənaye müəssisələri yaradılır 19.03.2014 / Konfranslar, iclaslar

skmf-suraxani-19-03-2014-1-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 yanvar 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində işləri davam etdirmək məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinə və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilmişdir.
Dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasının təmin edilməsi, Bakı qəsəbələrində sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini martın 19-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində keçirmişdir. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbir çərçivəsində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, müxtəlif sahələr üzrə investisiya layihələrinin hazırlanmasına dair maarifləndirici treninq keçirilmiş, sahibkarlara Suraxanı rayonunun iqtisadi potensialına uyğun olaraq hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunmuşdur.
skmf-suraxani-19-03-2014-2-Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Hüseyn Həsənov, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov dövlət başçısının ölkənin bütün bölgələri kimi, Bakı qəsəbələrinin də sosial-iqtisadi inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulamış, rayonda görülmüş işlər, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında qeyd etmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 824 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 27,2 milyon manat güzəştli kredit yönəldilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 1900-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bu dövrdə Bakı qəsəbələri üzrə 31 sahibkara 8,8 milyon manat güzəştli kredit verilmişdir.
Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 789 investisiya layihəsinin maliyyələşdirilməsinə 157,2 milyon manat güzəştli kredit verilmişdir. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5400-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir. Şirzad Abdullayev həmçinin, güzəştli kreditlər hesabına yeni yaradılan müəssisələr, o cümlədən sənaye müəssisələri barədə məlumat vermişdir. Qeyd etmişdir ki, aparılmış təhlillər Bakı qəsəbələrində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistik mərkəzlərin, müasir ət kəsimi və emalı müəssisələrinin yaradılmasına ehtiyac olduğunu göstərir. Artıq bu sahələr üzrə Fond tərəfindən nümunəvi investisiya layihələri hazırlanmış, müvafiq elanlar verilmiş və bu investisiya layihələrinin maliyyələşdirilməsinə başlanılmışdır.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 19 sahibkarlıq subyektinə 6,6 milyon manat kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq, tərəvəzçilik, istixana kompleksinin, çörək, tikinti materialları, corab istehsalı müəssisələrinin, logistika mərkəzinin yaradılması və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində həmçinin, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində güzəştli kredit ayrılmış və ildə 3440 ədəd transformator, müxtəlif növ elektrotexniki avadanlıqlar istehsal edəcək zavodda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.