251 Arxiv
Xəbərlər

Geri

Ağcabədidə sahibkarlara güzəştli kreditlər verilmişdir 07.03.2014 / Konfranslar, iclaslar

skmf-agcebedi-07-03-2014-1İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Martın 7-də Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Ağcabədi rayonunun Xocavənd kəndində keçirmişdir. 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Ağcabədi rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, kiçik və ya orta həcmli meyvə-tərəvəz emalı və meyvə qurutma müəssisəsinin, intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Rövşən Əhmədov, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Aran regional bölməsinin müdiri Elbrus Hüseynov çıxışlarında ölkədə davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, ölkənin digər regionları kimi, Ağcabədidə də yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişlər.
skmf-agcebedi-07-03-2014-2İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 621 investisiya layihəsinin maliyyələşdirilməsinə 22,3 milyon manat güzəştli kredit verilmişdir. Bu investisiya layihələrinin reallaşdırılması 1500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7442 investisiya layihəsinin maliyyələşdirilməsinə 323,7 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq, tingçilik və toxumçuluq, istixana təsərrüfatlarının, çörək zavodlarının, meyvə-tərəvəz, süd, ət emalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilmişdir. Verilmiş kreditləri istifadə etməklə investisiya layihələrinin maliyyələşdirilməsi 28 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Xocavənd kəndində keçirilən "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Ağcabədi və ətraf rayonlarda fəaliyyət göstərən 51 sahibkara 571 min manat güzəştli kredit verilmişdir. Bu kreditlərin reallaşdırılması 80-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.
Tədbir çərçivəsində həmçinin, Ağcabədi rayonunun Ağabəyli kəndində güzəştli kredit ayrılmış ildə 3,1 min ton keçi südü istehsal edən 2000 başlıq müasir cins heyvandarlıq təsərrüfatının fəaliyyətinə və Ağcabədi şəhərində ildə 7,3 min ton çörək istehsal etmək gücünə malik olan müasir çörək zavodunda aparılan tikinti işlərinə baxış keçirilmişdir.